İran ABŞ və Britaniyanı “bölgənin qəzəbinə tuş gəlməməyə” çağırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaxın Şərq dövlətlərinin ərazisində hərbi əməliyyatlar aparan ABŞ və Böyük Britaniyanı “regionun qəzəbinə tuş gəlməməyə” çağırıb...

Poliqon xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumlarını, eləcə də ABŞ-ın İraq və Suriyadakı təcavüzünü qətiyyətlə pisləyirik. Regionun qəzəbinə düçar olmayın”, deyə Əmir Abdullahiyan yazıb.

İran diplomatiyasının rəhbəri əlavə edib ki, onun ölkəsi İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini bütün regionun təhlükəsizliyi hesab edir.

Fevralın 4-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib ki, ABŞ və Böyük Britaniya Yəmənin qiyamçı “Ənsar Allah” hərəkatının (husilərin) mövqelərinə hücumları davam etdirərək, bütün regionda təhlükəsizliyi təhdid edir. Kənani ABŞ-ın İraq və Suriyaya zərbələrini “strateji səhv” adlandırıb.

Qeyd edək ki, Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəyini bildirib.

Fevralın 4-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husi üsyançılarının beş qanadlı raketini hədəf alaraq Yəmənə növbəti zərbələr endirib. Fevralın 3-də ABŞ və Britaniya qüvvələri husilərlə əlaqəli 36 hədəfə zərbələr endirib.

Poliqon.info