Türkiyə Rusiyadan təbii qaza endirim almaq istəyir

Türkiyə Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfərinə hazırlıq çərçivəsində Moskva ilə təbii qaza endirimlər məsələsini müzakirə etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi yerli diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Türkiyə Rusiya qazının etibarlı istehlakçısıdır və həmişə belə olub.

"Ölkə hakimiyyəti əvvəllər qaz qovşağı yaratmaq planları da daxil olmaqla, bunun üçün daha münasib qiymətlərə ümid etdiklərini söyləyib. Məsələnin Rusiya prezidentinin Türkiyəyə səfərinə hazırlıqla bağlı danışıqlarda müzakirə edilməsi planlaşdırılır", deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, bu razılaşma Ankarada əldə oluna bilər. O qeyd edib ki, yanvar ayında Türkiyənin "Botaş" dövlət neft-qaz şirkətinin nümayəndə heyəti qovşağın yaradılması ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya səfər edib.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Türkiyədə qaz qovşağı layihəsinin həyata keçirilməsi 2024-cü ildə başlaya bilər.

Poliqon.info