Almaniya MN: Ukrayna daha çox əsgəri səfərbər etməli olacaq

Almaniya Müdafiə Nazirliyi yanında Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq deyib ki, Ukrayna hakimiyyəti itkilər də daxil olmaqla, daha çox əsgəri səfərbər etməyə məcbur olacaq...

Poliqon-nun məlumatına görə, o, etiraf edib ki, sursat təchizatı Qərbin dəstəyində mərkəzi məsələ olaraq qalır.

RND nəşrinə müsahibəsində Kristian Freydinq Ukraynanın hərbi personalının sayını artırmalı olub-olmayacağı ilə bağlı suala müsbət cavab verib: "Ukrayna, şübhəsiz ki, itkilərin sayına görə daha çox əsgəri səfərbər etməli olacaq. Amma həm də ona görə ki, bəziləri 24 aydır cəbhədə olan qoşunların yenilənməsinə ehtiyac var".

Kristian Freydinq deyib ki, bu il Almaniya Kiyevə artilleriya sursatının tədarükünü iki dəfədən çox artıra bilər: "Ukraynanın istifadə etdiyi sistemlərin əksəriyyəti öz effektivliyinə görə indi Rusiyadan daha dəqiqdir. Bu həm də onların daha az sursata ehtiyacı olması deməkdir".

Kristian Freydinq Ukrayna prezidenti Volodimir Zelenski ilə ölkənin silahlı qüvvələrinin ali baş komandanı Valeri Zalujnı arasında fikir ayrılıqları barədə mediada yayılan xəbərlərə də münasibət bildirib. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi əmindir ki, uzunmüddətli perspektivdə bunun heç bir faydası olmayacaq: "Biz pərdə arxasına baxa bilmirik. Amma biz təbii ki, hərbi və siyasi rəhbərlik arasında bu müzakirələri izləyirik. Və arzu edirik ki, Ukrayna öz birliyini qoruyub saxlasın".

Zelenski ilə Zalujnı arasında münaqişə ilə bağlı məlumatlar bir neçə aydır ki, mediada yayılır. İddia olunur ki, Ukrayna prezidenti ötən həftə baş komandanla görüşüb və ona yeni vəzifə təklif edib, lakin Zalujnı başqa vəzifəyə təyinatdan imtina edib. Zelenski bir gün əvvəl açıq şəkildə təsdiqləyib ki, o, silahlı qüvvələrin baş komandanını dəyişdirmək barədə düşünür, həmçinin digər yüksək vəzifəli məmurları da dəyişdirmək barədə fikiri var.

Poliqon.info