Partiya sədri: Xarici müşahidəçilərin çoxu seçki haqqında qanundan xəbərsiz olurlar...

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı 85 min müşahidəçi qeydiyyatdan keçib...

AĞ Partiya sədri: “Seçkidə müşahidəçilərin sayından daha çox məntəqə üzvlərinin fəaliyyəti önəmlidir”.

“Mən inamıram ki, 85 min müşahidəçinin hamısı bu prosesi gözəl bilir”.

Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı növbədənkənar prezident seçkilərində 85 min müşahidəçinin iştirak etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı 85 min müşahidəçi qeydiyyatdan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Bəs, bu qədər müşahidəçi seçkinin, səsvermənin effektivliyinə necə təsir edəcək?

Növbədənkənar prezident seçkilərini Poliqon-un əməkdaşı AĞ Partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Tural Abbaslı: “Bir çox hallarda hətta məntəqə üzvlərinin özləri belə qanunvericilikdən məlumatsız olurlar”.

Hətta protokol doldura bilməyən məntəqə sədrlərinin, doğru-düzgün işini apara bilməyən dairə sədrlərinin olduğunu qeyd edən partiya sədri Poliqon-a açıqlamasında qeyd edib ki, bir çox hallarda protokollar məntəqələrdə belə yazılmır. Hansı ki, bu qanunvericiliyində qadağandır. Yekun protokol məntəqədə yazılmalıdır:

“Seçkidə müşahidəçilərin sayından daha çox məntəqə üzvlərinin fəaliyyəti önəmlidir. Nəzərə almalıyıq ki, Azərbaycanda 6 minə yaxın seçki məntəqəsi var. 85 mini də 6 minə biləndə orta hesabla hər məntəqəyə 11-13 arası müşahidəçi düşür. Bu rəqəm də kifayət qədər qaneedicidir.

Amma müşahidəçilərə müşahidə aparmaq üçün şəraitin yaradılıb-yaradılmaması başqa məsələdir. Müəyyən olunmuş, təyin olunmuş və yaxud müraciət etmiş müşahidəçilərin seçki prosesini nə dərəcədə bilməsi, seçki qanunvericiliyindən xəbərdardılarmı, seçki günü özlərinin, məntəqə üzvlərinin hüquq və vəzifələrini bilirlərmi, orada baş verən neqativ halları aktlaşdırmaqla bağlı hər hansı bir təcrübələri varmı - bütün bunlar nəzərə alınmalıdır.

Çox hallarda beynəlxalq təşkilatlar gəlir, müşahidə aparır və rəy verirlər. Amma bir çox hallarda onlar belə Azərbaycan qanunvericiliyini bilmədikləri üçün prosesləri anlaya bilmirlər. Onlar prosesin demokratik və yaxud qeyri-demokratik keçməsini bilmələri üçün seçki məcələsindən, seçki günü prosesindən xəbərdar olmalıdırlar. Mən inamıram ki, 85 min müşahidəçinin hamısı bu prosesi gözəl bilir.

Tural Abbaslı: “Seçki günü sorğu aparılsa, görüləcək ki, çox müşahidəçilər müşahidəçinin hüquq və vəzifələrindən məlumatlı deyillər”.

Onu da qeyd edim ki, bir çox hallarda hətta məntəqə üzvlərinin özləri belə qanunvericilikdən məlumatsız olurlar. Mən bunu çox görmüşəm. Hətta protokol doldura bilməyən məntəqə sədrləri, doğru-düzgün işimi apara bilməyən dairə sədrləri görmüşük. Bir çox hallarda protokollar məntəqələrdə belə yazılmır. Hansı ki, bu qanunvericiliyində qadağandır. Yekun protokol məntəqədə yazılmalıdır.

Seçki günü sorğu aparılsa, görüləcək ki, çox müşahidəçilər müşahidəçinin hüquq və vəzifələrindən məlumatlı deyillər. Bu baxımdan konkret nəsə demək mümkün deyil. Mən inamıram ki, 85 min müşahidəçinin seçki təcrübəsi, bilikləri onlara normal müşahidə aparmaq üçün imkan versin”.

Nərminə UMUDLU Poliqon.info