İran lideri ABŞ-la hərbi toqquşmadan qaçmaq əmri verib

İranın ali dini lideri Əli Xamenei ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməyi əmr edib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.

Xamenei bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasının nəticələrinə yekun vurarkən bildirib. O, görüş zamanı ABŞ-ın İrana və ya onun tərəfdarlarına zərbə endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlərə toxunub.

NYT-nin məlumatına görə, Xamenei Birləşmiş Ştatlarla birbaşa müharibədən yayınmağı əmr edib, lakin eyni zamanda mümkün cavab zərbəsinə hazırlıq barədə göstəriş verib.

Nəşrin mənbələrinin məlumatına görə, İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, İraqla sərhəddə ballistik raketlər yerləşdirilib. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri işə salınıb.

Qeyd edək ki, bundan əvvəl yaxın Şərqdə İrana bağlı qüvvələr ABŞ-ın İordaniyadakı bazasına hücum edib. Nəticədə 3 amerikalı əsgər həlak olub, çox sayda hərbçi yaralanıb. Vaşinqtondakı mənbələr ABŞ-ın İran qüvvələrinə cavab zərbələri hazırladığını bildirir.

Poliqon.info