Şolts: Bir çox Aİ ölkələri Ukraynanı dəstəkləmək üçün kifayət qədər səy göstərmirlər...

Almaniya kansleri Olaf Şolts hesab edir ki, bir çox Avropa İttifaqı ölkələri Ukraynanı dəstəkləmək üçün kifayət qədər səy göstərmirlər...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Şolts Almaniyanın Ukraynaya hərbi dəstəyin öhdəsindən təkbaşına gələ bilməyəcəyini bildirib.

“Bir çox paytaxtlarda özümüzə sual verməliyik: həqiqətən kifayət qədər işləyirikmi? Əksər hallarda isə cavab ancaq mənfi ola bilər”, deyə Şolts Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Şolts Aİ-nin Ukraynaya 50 milyard avro ayırmaq qərarını “ABŞ üçün yaxşı siqnal” adlandırıb. Kansler xatırladıb ki, ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya növbəti yardım paketini təsdiqləməyə çalışır.

“Ümid edirəm ki, bugünkü mesaj və apardığımız müzakirələr də onun siyasi səylərini bir az asanlaşdırmağa kömək edəcək” deyə Şolts bildiriib.

Alman kansler Aİ-nin son sammitini çox uğurlu adlandırıb və deyib ki, orada Ukraynaya gələcək hərbi dəstək məsələsi intensiv müzakirə olunub. Kansler xatırladıb ki, cari il üçün AlmaniyaUkraynaya silah tədarükü üçün 7 milyard avrodan çox vəsait ayırıb.

Qeyd edək ki, dünən, fevralın 1-də Aİ sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib. Yardım paketi ittifaqın bütün 27 üzvü tərəfindən razılaşdırılıb. Avropa Şurası qərara alıb ki, Kiyev demokratik normalara və qanunun aliliyinə uyğun maliyyə alacaq.

Sammitdən sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də ilin sonuna qədər Ukraynaya daha çox tank, helikopter və 1 milyon mərmi ayrılacağına söz verib.

Poliqon.info