Gürcüstanda Kobaxidzenin Baş nazir olması regiondakı proseslərə təsir edəcək?

Gürcüstanda Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləndi...

Politoloq: “Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasının və onun yerinə İrakli Kobaxidzenin gəlməsinin regionda gedən proseslərə ciddi təsiri olmayacaq”.

“Ümumiyyətlə, biz Gürcüstan hökumətindən Azərbaycana qarşı heç də isti münasibət görməmişik”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Gürcüstanın hökumətində Baş verən dəyişiklikləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı keçirilib. Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib. Qərar partiyanın siyasi şurası tərəfindən qəbul edilib. Eyni zamanda sabiq Baş nazir İrakli Qaribaşvili qurultayda partiyanın sədri seçilib. Nümayəndələr onun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, İrakli Qaribaşvilinin yanvarın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanın Tbilisiyə səfərindən qısa müddət sonra istefasını açıqlaması da ayrıca maraq doğurub. Bəs, Kobaxidzenin yeni Baş nazir olması Gürcüstanın regiondakı proseslərdə mövqeyinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edi.

Məhəmməd Əsədullazadə: “Düşünürəm ki, Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanandan sonra Azərbaycana qarşı mənfi proseslər gedir”.

Gürcüstanın “Zəngəzur dəhlizi”nin açılmasını öz ərazisindən keçən tranzit yükdaşımalarının azaldacağını düşündüyünü xatırladan politoloq Poliqon-a bildirib ki, buna görə də, Gürcüstan Ermənistana silahların ötürülməsi üçün açıq qapı rolunu oynayır:

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasının və onun yerinə İrakli Kobaxidzenin gəlməsinin regionda gedən proseslərə ciddi təsiri olmayacaq. Çünki hakimiyyətdə “Gürcü Arzusu” partiyasından olan İvanaşvilidir və ölkəni idarə edənlər Rusiyaya yaxın olan şəxslərdir.

Düşünürəm ki, Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanandan sonra Azərbaycana qarşı mənfi proseslər gedir. Qeyd edim ki, Gürcüstan Zəngəzur dəhlizinin açılmasını qəti qəbil etmir. Gürcüstan Zəngəzur dəhlizinin açılmasını öz ərazisindən keçən tranzit yükdaşımalarının azalması hesab edir. Buna görə də, Ermənistana silahların ötürülməsi üçün açıq qapı rolunu oynayır.

Ümumiyyətlə, biz Gürcüstan hökumətindən Azərbaycana qarşı heç də isti münasibət görməmişik. Hətta İvanaşvili hakimiyyətə gələndə Azərbaycana qarşı müxtəlif şəkildə tonlarda danışırdı. Göründüyü kimi, gürcülərin bu siyasəti hələ də davam etməkdədir.

Onu da qeyd edim ki, cənab prezident İlham Əliyevin Gürcüstana səfəri və Qaribaşvilinin ölkəmizə səfəri ikitərəfli münasibətlərin formalaşmasına heç bir təsir etmədi”.

Nərminə UMUDLU Poliqon.info