Ərdoğan Putini Ukrayna ilə bağlı danışıqları bərpa etməyə dəvət edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edə bilər...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti"yə türkiyəli analitik Engin Özər deyib.

"İstanbul prosesi zamanı əldə edilən irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Atəşkəs razılaşmasına nail olmaq üçün Türkiyə tərəflər arasında birbaşa danışıqlar olmadan vasitəçi kimi çıxış edə bilər", deyə analitik bildirib.

Engin Özerin sözlərinə görə, son bir neçə gündə ABŞ və Türkiyə Ankarada sülh danışıqları ilə bağlı artıq fikir mübadiləsi aparırlar.

Bundan əvvəl Türkiyədə Putinlə Ərdoğanın görüşünün planları üzə çıxıb. Gözlənilir ki, tərəflər Ukrayna məsələlərini, taxıl sazişinin bərpasını və regional Yaxın Şərq gündəmini müzakirə edəcəklər.

Yanvarın 23-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan arasında ən yüksək səviyyədə görüşlə bağlı təmaslar davam edir, lakin rəsmi məlumatı gözləmək lazımdır.

Qeyd edək ki, 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra rəsmi Ankaranın təşəbbüsü ilə İstanbulda tərəflər arasında danışıqlar baş tutub. Lakin Rusiya ordusunun Buçada törətdiyi qırğınlardan sonra Kiyev bütün danışıqlardan imtina edib.

Poliqon.info