Rusiya Dövlət Duması ABŞ Konqresinə müraciət edəcək

Dövlət Duması İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə müraciətə baxacaq...

Rusiya Federasiyasının Dövlət Duması İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə müraciət edəcək.

Poliqon xəbər verir ki, bunu parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin deyib. Onun sözlərinə görə, ekspertiza sübut edib ki, ukraynalı hərbi əsirləri daşıyan təyyarə Amerikanın “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub.

“Bu gün biz ABŞ konqresmenlərinə müraciət edirik: onlar bilməlidirlər ki, prezident Bayden tərəfindən Ukraynaya göndərilən Amerika silahları kimin əlinə keçib və necə istifadə olunur”, deyə Volodin Telegram kanalında yazıb. Rusiya parlamentinin spikeri qeyd edib ki, ukraynalı hərbi əsirlər və humanitar missiya yerinə yetirən rusiyalı pilotlar həlak olub.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayıb. İstintaq Komitəsinin məlumatına görə, təyyarə Ukrayna silahlı qüvvələri tərəfindən vurulub, nəticədə 65 məhbus, 6 ekipaj üzvü və 3 onu müşayiət edən ölüb.

Ukrayna tərəfi təyyarənin vurulmasını nə təsdiq, nə də təkzib edib. Prezident Vladimir Zelenski bildirib ki, Kiyev insidenti araşdırır. Ukrayna həmçinin təyyarənin vurulması ilə bağlı beynəlxalq araşdırma tələb etmək niyyətindədir.

Poliqon.info