Natiq Miri: İndiki vəziyyətdə ABŞ-ın İrana qarşı böyük bir müharibə başlatması ehtimal çox zəifdir...

Tehran-Vaşinqton gərginliyi pik həddə çatıb...

Politoloq: “İndiki vəziyyətdə ABŞ-ın mövqeləri çox zəifdir. Çünki ABŞ bir neçə istiqamətdə özünün rəqibləri ilə mübarizə aparmaq məcburiyyəti ilə üzləşib”.

“Düşünürəm ki, bunu ən azından İordaniyada yerləşən ABŞ hərbi bazasının vurulması konteksində həyata keçirən qüvvə də əvvəlcədən düşünməmiş deyil. İran da əmindir ki, ABŞ böyük anlamda bu müharibəni genişləndirmək istəməyəcək”.

Bu sözləri politoloq Natiq Miri yaranan Tehran-Vaşinqton gərginliyini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İordaniyadakı ABŞ bazasına hərbçilərin ölümü ilə nəticələnən hücum fonunda Tehran-Vaşinqton gərginliyi pik həddə çatıb. Vaşinqtonun hücumdan sonra verdiyi bəyanatlar İrana hərbi müdaxilə, habelə regiondakı proksi qüvvələrinə qarşı əməliyyatların təşkilini gündəmə gətirir. Bəzi ekspertlər iddia edir ki, ABŞ İranla birbaşa toqquşmadan yayınmaq üçün əlindən gələni edəcək və İranın bölgədəki hərbi gəmilərinə zərbələr endirəcək.

Həqiqətən, Qəzzada baş verənlər fonunda regionda İran-ABŞ müharibəsi baş verə bilərmi?

İran-ABŞ müharibəsinin başlanma ehtimalını Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Belə bir vəziyyətdə hərbi təxribat törətməklə İordaniyanı prosesə qoşmaq regionda savaşın əhatəsini daha da genişləndirməklə ABŞ-ın və İsrailin mövqeyini zəiflətmək istədilər”.

Sadəcə bir neçə proksi qüvvələrin yerləşdiyi məkanların vurulmasını, SEPAH-ın bəzi Suriyadakı qüvvələri timsalında bəzi qətillərin həyata keçiriləcətini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da informasiya nöqteyi-nəzərindən amerika cəmiyyətinə təqdim olunacaq:

“İndiki vəziyyətdə ABŞ-ın mövqeləri çox zəifdir. Çünki ABŞ bir neçə istiqamətdə özünün rəqibləri ilə mübarizə aparmaq məcburiyyəti ilə üzləşib. Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən Ukraynaya veriləcək maliyyənin Konqresdə təsdiqini tapması və Rusiyanın mövqeyini gücləndirməsi, başqa bir tərəfdən Yaxın Şərqdə HƏMAS-İsrail kontekstində ABŞ İsrailə maliyyə və hərbi cəhətdən yardımları məsələsi var ki, bu da Konqresdə müəyyən məhdudiyyətlərlə üzləşib. Bu da uzun müddətli müharibə aparmaq üçün İsrailə müəyyən probemlər yarada bilər.

Belə bir vəziyyətdə hərbi təxribat törətməklə İordaniyanı prosesə qoşmaq regionda savaşın əhatəsini daha da genişləndirməklə ABŞ-ın və İsrailin mövqeyini zəiflətmək istədilər. Bu gün bir neçə cəbhədə mübarizə aparmağa məcbur olan ABŞ-ın yeni cəbhə açmaq istəyi çox şübhəli görünür. Çünki İrana qarşı konkret hansı əməliyyatların keçirilməsi, əlbəttə adekvat cavablarla müşahidə olunacaq.

Bildiyimiz kimi, həm Qırmızı, həm də Aralıq dənizində İsrailə dəstək xarakterli ABŞ və Böyük Britaniyanın təyyarə daşıyan hərbi gəmiləri mövcuddur. Bu baxımdan əgər İran əraziləri intensiv bombalanarsa, düşünürəm ki, ballistik raketlərlə İran ABŞ cavab verməyə çalışacaq. Buna görə də bütün bu təhlükələri göz önünə alan ABŞ bir də noyabr ayında baş tutacaq seçkilərlə bağlı müəyyən narahatlıqları bölüşür. Çünki ABŞ-ın daxilində müəyyən problemlər var və bu problemlər Meksika ilə bağlı miqrasiya məsələsidir. Bu miqrasiya məsələsinə görə Texas və onu müdafiə edən 25 ştatla mərkəzi hakimiyyət arasında ciddi problemlər yaşanır. Bu problemlər hələ də həllini tapmayıb. Bu da Bayden hakimiyyətinin mövqeyini seçkilərdə zəiflədən məqamdır.

Natiq Miri: “Belə olan bir vəziyyətdə ABŞ-ın İrana hücum etməsi ehtimallar arasında ən kiçiyidir”.

Buna görə də sadəcə görüntü xarakterli daha çox ehtimal olunan məsələ daha çox Suriya-İraq ərazisində mövcud olan İranın dəstəklədiyi proksi qüvvələrə qarşı keçiriləcək əməliyyatlar ola bilər. Çünki indiki vəziyyətdə ABŞ-ın İrana qarşı böyük bir müharibə başlatması ehtimal çox zəifdir. ABŞ-ın sözün əsil mənasında bir neçə cəbhədə mübarizə aparması onun imkanlarını məhdudlaşdırır. Buna görə də Bayden hakimiyyəti getdikcə zəifləməyə davam edir. Eyni zamanda daxil auditoriyada nüfuzunu çox surətlə itirməyə davam edir. Belə olan bir vəziyyətdə ABŞ-ın İrana hücum etməsi ehtimallar arasında ən kiçiyidir.

Düşünürəm ki, bunu ən azından İordaniyada yerləşən ABŞ hərbi bazasının vurulması konteksində həyata keçirən qüvvə də əvvəlcədən düşünməmiş deyil. İran da əmindir ki, ABŞ böyük anlamda bu müharibəni genişləndirmək istəməyəcək. İran əmin olmasaydı, bu cür əməliyyatla İordaniya ərazisində ABŞ hərbi bazasında təxribatlar törətməzdi.

Sadəcə bir neçə proksi qüvvələrin yerləşdiyi məkanlar, ola bilsin ki, SEPAH-ın bəzi Suriyadakı qüvvələri timsalında bəzi qətillər həyata keçiriləcək. Bu da informasiya nöqteyi-nəzərindən amerika cəmiyyətinə təqdim olunacaq ki, yəni ABŞ öz əsgərlərinin qisasını İrandan aldı. Çünki indiki vəziyyətdə ABŞ üçün daha çox görüntü vacibdir”.

Nərminə UMUDLU Poliqon.info