Aİ mart ayına qədər Ukraynaya cəmi 600 min mərmi verə biləcək...

Avropa İttifaqı ölkələri bu ilin mart ayına qədər Ukraynaya əvvəlcədən vəd edilmiş 1 milyon mərmidən cəmi 600 minə yaxın mərmi verə biləcək....

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Diplomatlar aydınlaşdırıblar ki, bu problem mərmi istehsalının ləngiməsi, eləcə də ölkələrin ehtiyatlarının tükənməsindən narahat olması səbəbindən yaranıb.

Qərb rəsmisi bildirib ki, Ukrayna da öz ordusunu təmin etmək üçün son aylarda bəzi strateji sursat ehtiyatı yığıb. Bununla belə, agentlik qeyd edir ki, bu, artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün kifayət deyil.

Bir gün əvvəl The Wall Street Journal nəşri Yaponiyanın 155 mm-lik artilleriya mərmilərinin Böyük Britaniya üzərindən Ukraynaya ötürülməsi planının dayandığını yazmışdı.​Qeyd edək ki, ötən il Avropa İttifaqı ölkələri 2024-cü ilin mart ayına qədər Ukraynaya 1 milyon mərmi ötürmək vədi vermişdi. Lakin sonradan məlum olub ki, Avropa hərbi sənayesi göstərilən müddətdə bu qədər mərmi istehsal etmək gücündə deyil.

Poliqon.info