Paşinyanın sülh müqaviləsindən yayınmaq cəhdləri - Hücum etməmək paktı, silahlara nəzarət...

Paşinyan Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, eləcə də sülh müqaviləsinin imzalanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamağı təklif edib...

Politoloq: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi nə qədər tez imzalanacaqsa, bölgə bir o qədər sakitliyə qovuşacaq”.

“Ermənistan həqiqətən də niyyətinin sülh müqaviləsi olmasını göstərməlidir. Yəni ola bilər ki, Ermənistan qarşılıqlı hücum etməmək paktını imzalaya bilər, amma sonradan hücum edə bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın baş nazirinin Azərbaycanla bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan ordu günü münasibəti ilə müraciətində, Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, eləcə də sülh müqaviləsinin imzalanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamağı təklif edib. Hər gün yeni bir təlkiflə çıxış edən Ermənistanın son təklifini necə dəyərləndirmək olar? Azərbaycanın qarşılıqlı hücum etməmək barədə təklifi müzakirə etməsinə ehtimal vermək olar? Digər tərəfdən, Paşinyan sülh müqaviləsinin imzalanmasının gecikəcəyinə işarə edib. Belə çıxmırmı ki, Azərbaycanla Ermənistan arasında bir neçə il müddətində sülh sazişi imzalanmaya bilər?

Azərbaycan-Ermənistan sülh danışıqlarının indiki mərhələsini Poliqon-un əməkdaşı Diplomatiya və Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Ermənistanın baş nazirinin sülh müqaviləsi gecikəcəyi təqdirdə qarşılıqlı hücüm paktı imzalamaq təklifində həqiqətən də dürüstdürsə, buyursun. Hesab edirəm ki, Azərbaycan bu paktı imzalaya bilər”.

Sülh sazişinin Azərbaycanla Ermənistan arasında siyasi və iqtisadi saələrdə normal münasibətin formalaşmaslna xidmət etdiyini vurğulayan Politoloq Poliqon-a açıqlamasında bildirib ki, bir-birinə hücum etməmək haqqında pakt heç də təhlükəsizlik qarantiyası yarartmır:

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi nə qədər tez imzalanacaqsa, bölgə bir o qədər sakitliyə qovuşacaq. Bu olmazsa, olmaz prinsipidir. Amma Ermənistanın baş nazirinin sülh müqaviləsi gecikəcəyi təqdirdə qarşılıqlı hücüm paktı imzalamaq təklifində həqiqətən də dürüstdürsə, buyursun. Hesab edirəm ki, Azərbaycan bu paktı imzalaya bilər. Çünki burada bir neçə səbəblər var.

Birincisi, Ermənistan sülh sazişi imzalanana qədər digər ölkələrdən silah alışını, tədarükünü dayandırmalıdır. Sülh sazişi imzalanandan sonra dövlətin özünün müdafiə imkanlarını formalaşdıracaq qədər Ermənistan silah-sursat ala bilər.

İkincisi, Ermənistan həqiqətən də niyyətinin sülh müqaviləsi olmasını göstərməlidir. Yəni ola bilər ki, Ermənistan qarşılıqlı hücum etməmək paktını imzalaya bilər, amma sonradan hücum edə bilər. Belə faktlar tarixdə olub. Məsələn ikinci dünya müharibəsində SSRİ ilə Almaniya arasında belə pakt imzalandı, amma sonra Almaniya hücum etdi. Buradan da belə qənaətə gəlmək olar ki, bu müqavilənin bağlanmasının elə də ciddi dayağı yoxdur.

Samir Hümbətov: “Paşinyan demək istəyir ki, ona qarşı istər Qərbdən, istər Rusiyadan təzyiqlər var və onlar ona silahı məcbur aldırırlar”.

Əgər Ermənistan silah alışını dayamdırmırsa, bir tərəfdən Hindistandan, Fransadan, Rusiyadan və digər ölkələrdən silah-sursat tədarükünü həyata keçirib, digər tərəfdən qarşılıqlı təminatla bağlı müqaviləsinin bağlanmasını istəyirsə, bunlar bir-birlərinə zidd fikirlərdir. Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfi belə açıqlamalarla zamana oynamaq istəyir, həm də ictimaiyyətin, beynəlxalq publikanın fikirlərini çaşdırmaq istəyir. Yaxuddakı Paşinyan demək istəyir ki, ona qarşı istər Qərbdən, istər Rusiyadan təzyiqlər var və onlar ona silahı məcbur aldırırlar. Yəni sülh müqaviləsini imzalamaq istəyirəm, amma imkan vermirlər. Paşinyan bunu dürüst şəkildə ifadə etməyi bacarmalıdır.

Paşinyan bunları etmirsə və bununla bağlı hər hansı fikirləri də yoxdursa, bu zaman Ermənistanın söylədiyi fikirlərin Azərbaycan üçün heç bir ciddi əsası olmur. Çünki Azərbaycana artıq bu fikirlərin zamana oynamaq anlayışını gətirdiyini görürük. Bu baxımdan düşünürəm ki, Paşinyan söylədiyi bəyanatları sübut etməlidir ki, həqiqətən o sülh müqaviləsində maraqlıdır”.

Nərminə UMUDLU Poliqon.info