Hüseyn Əmir Abdullahiyan Pakistana səfər edib

İranın xarici işlər naziri ikitərəfli münasibətləri normallaşdırmaq üçün Pakistana səfər edib...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran silahlı qüvvələrinin “Ceyş əl-Ədl” qruplaşmasının Pakistan ərazisində yerləşən iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli çərçivəsində Pakistana gəlib.

Poliqon xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İran xarici işlər naziri İslamabada Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilanın dəvəti ilə gəlib”, deyə xəbərdə bildirilir.

“Nur Xan hava limanında onu Pakistanın xarici işlər nazirinin Əfqanıstan və Qərbi Asiya məsələləri üzrə müavini Rəhim Həyat Qureşi qarşılayıb. Səfər çərçivəsində İran Xarici İşlər Nazirliyinin rəhbəri ilə vəzifəsini icra edən şəxs arasında görüşlər nəzərdə tutulub. Həmçinin İslam Respublikasının Baş naziri Ənvarül-Həq Kakarla da görüş nəzərdə tutulur”, deyə məlumatda bildirilir.

Qarşıdakı danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əl-Ədl” qrupunun iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi azaltmaqdır.

Qeyd edək ki, İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olub.

Poliqon.info