ABŞ Kirmandakı partlayışdan əvvəl İrana məlumat ötürüb?

İran ABŞ hökumətinin Kirmanda gözlənilən terror aktı ilə bağlı Tehranı əvvəlcədən xəbərdar etdiyini inkar edib...

Poliqon xəbər verir ki, bu barədə İRNA Agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Cümə günü İRNA-ya müsahibə verən məlumatlı diplomatik mənbə The Wall Street Journal nəşrinin ABŞ kəşfiyyatının Kirmandakı terror hadisəsindən əvvəl İrana xəbərdarlıq etdiyi barədə iddiasını təkzib edib", deyə Agentlik bildirib.

Bundan əvvəl Amerikanın The Wall Street Journal qəzeti yazıb ki, ABŞ İrana yanvarın əvvəlində Kirmanda baş vermiş terror aktı ilə bağlı gizli xəbərdarlıq edib.

Qəzetin mənbələrinə görə, İrana çatdırılan məlumat Tehran üçün faydalı ola biləcək "kifayət qədər konkret olub". Nəşr yazır ki, buna baxmayaraq, İran Kirman şəhərində partlayışların qarşısını ala bilməyib.

Yanvarın 3-də axşam İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin xatirəsinə yas mərasimləri zamanı iki partlayış baş verib. Nəticədə 103 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Poliqon.info