“Sabunçu xəstəxanası”nın baş həkimi məhkəmə zalında həbs olunub

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının (Sabunçu xəstəxanası kimi tanımır) keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib...

Prosesdə cinayət işi üzrə zərərçəkmiş müğənni Dəniz Əsədovanın vəkili Ceyhun Yusifov Rauf İsfəndiyarov barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğvi və onun həbs edilməsi ilə bağlı vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib. Keçmiş həkimin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. Ötən il bu işlə bağlı həbs olunan R.İsfəndiyarov daha sonra ev dustaqlığına buraxılmışdı. İsfəndiyarova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bu iş üzrə Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və müğənni Dəniz Əsədova zərərçəkmiş qismində tanınıb.

Poliqon.info