Politico: Zelenski populyarlığının itirilməsi fonunda Qərbə tənqidlərini artıra bilər

Volodimir Zelenski yardım təchizatının mümkün kəsilməsi və Ukraynada populyarlığının azalması fonunda Qərbi daha fəal şəkildə tənqid etməyə başlaya bilər...

 

 

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri anonim ukraynalı hərbçiyə istinadən yazıb.

"Yardım axını davam etməsə, Zelenski ölkədə dəstəyi itirdiyi üçün Qərbə qarşı tənqidlərini artıra bilər və çarəsiz şəkildə günahı üzərinə yıxacaq birini axtaracaq", deyə nəşr bildirib.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, Rusiya Federasiyası Ukrayna üzərində qələbə qazanarsa, bəzi Ukrayna rəsmiləri Qərbi günahlandırmağa hazırdır. Lakin o, Qərbin dəstəyi olmasaydı, Ukraynanın 2022-ci ilin aprelində təslim olacağını bildirib.

Dekabrın sonunda Vaşinqton Kiyevə son hərbi yardım paketini təhvil verib. Ağ Evin yeni tələbi Konqresdə təsdiqini gözləyir, lakin hələlik bu məsələdə irəliləyiş yoxdur. Eyni zamanda, ABŞ rəhbərliyi etiraf edir ki, Vaşinqtondan dəstək olmasa, Qərb ölkələri də çox böyük ehtimalla bundan imtina edə bilər.

Avropa İttifaqı ölkələri də Kiyevə növbəti maliyyə yardımı paketinin ayrılması ilə bağlı hələ də razılığa gələ bilməyiblər - Macarıstan ən fəal şəkildə yeni maliyyə inyeksiyalarına qarşıdır. Bununla belə, "Bloomberg"in məlumatına görə, Aİ Budapeştin mövqeyindən asılı olmayaraq, fevralın 1-də Brüsseldə keçiriləcək sammitdə Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiq etməyə hazırdır.

Poliqon.info