Ermənistanda David Tonoyanı həbsxanadan evə buraxan deputat oğlu işdən çıxarılır

Hakim partiyadan olan deputatın oğlu David Tonoyana güzəştə getdiyi üçün vəzifəsindən uzaqlaşdırılacaq...

Ermənistanda hakim "Vətəndaş sazişi" partiyasından olan deputat Qaqik Melkonyanın oğlu Arman Melkonyan İrəvan-Kentron cəzaçəkmə müəssisəsinin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasının rəisi vəzifəsindən kənarlaşdırılacaq.

Poliqon xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Qəzetin yazdığına görə, onun işdən çıxarılması ilə bağlı söz-söhbət ötən ildən dolaşır. 2023-cü ilin noyabrında Ədliyyə Nazirliyi artıq ona ciddi töhmət verib.

"Bəzi məlumatlara görə, bu, keçmiş müdafiə naziri David Tonoyanla bağlıdır. Avqustun 1-də təcridxanadan 44 günlük müharibə ilə bağlı komissiyanın iclasına gedərkən Tonoyan onu müşayiət edənlərdən anasına baş çəkməyə icazə vermələrini xahiş edib. Penitensiar müəssisənin işçiləri rəhbərliklə əlaqə saxlayıblar və Tonoyanın evə baş çəkməsinə və anası ilə görüşməsinə icazə veriblər - bunu gizli saxlamaq şərti ilə. Deyirlər ki, icazəni Melkonyan verib", deyə nəşr yazıb.

Qeyd edək ki, Melkonyan indiki vəzifəsini 2023-cü ilin martından tutur. Bundan əvvəl o, "Artik" cəzaçəkmə müəssisəsinin rəisi olub.

Poliqon.info