Kommunist deputat Putinə “canavar” dedi və mandatından oldu, axtarışa verildi...

Rusiya Kommunist Partiyasından olan Perm deputatı müharibə əleyhinə çıxış edərək Putini “canavar” adlandırdıqdan sonra mandatından məhrum edilib...

Poliqon xəbər verir ki. bu barədə Rusiyanın 59.ru xəbər portalı məlumat yayıb. Portal yazır ki, Perm Şəhər Duması Rusiyanın Ukraynaya təcavüzünün əleyhinə çıxış edən Rusiya Kommunist Partiyasının deputatı Sergey Medvedevi vaxtından əvvəl səlahiyyətlərindən məhrum edib.

Qərar yekdilliklə qəbul edilib və lehinə 33 deputat səs verib.

“Bu gün bu qərarı qəbul etməyimizi vacib və aktual hesab edirəm. Dövlətimizin ideologiyasını dəstəkləməyən şəxs deputat ola bilməz. Bu gün bizim ümumi birliyimiz və ölkə rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün diqqət mərkəzində olmağımız həmişəkindən daha mühümdür”, deyə yanvarın 23-də keçirilən iclasda Perm şəhər Dumasının spikeri Dmitri Malyutin bildirib.

“New Companion” nəşrinin məlumatına görə, yanvarın 13-də Sergey Medvedyev Kommunist Partiyası fraksiyasından xaric edilib. Fraksiya lideri bunun deputatın özünün təşəbbüsü ilə edildiyini iddia edib. Medvedev fraksiyadan çıxmaqla bağlı bəyanat yazdığını inkar edib.

Dekabrın 31-də Sergey Medvedev şəxsi “VKontakte” səhifəsində Vladimir Putini tənqid edən müharibə əleyhinə yazı dərc edib vəhazırda həmin paylaşıma giriş məhduddur.

“Rusiya, oyan! Səni öldürürlər! Bunun arxasında duran “canavar”ın yenidən seçkiyə getdiyini başa düşmək dəhşətlidir. Mən müharibənin bitməsini istəyirəm! Mən Rusiyanı Putinin buxovlarından azad görmək istəyirəm”, deyə deputat yazıb.

Yanvarın əvvəlində Medvedevin yazısının skrinşotları vətənpərvər teleqram kanallarında yayılıb. Perm kommunistləri bildiriblər ki, onların partiyadaşları ilə “səlahiyyətli orqanlar” məşğul olmalıdır.

Yanvarın 13-də Sergey Medvedev Qazaxıstana uçub, oradan da Gürcüstana gedib. Ural mediası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, deputat getdikdən sonra o, beynəlxalq axtarışa verilib.

Poliqon.info