Gürcü spiker: Saakaşvili azad olunmayacaq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkənin eks-prezidenti Mixail Saakaşvili həbsdən azad edilməyəcək, o, bütün "cinayətlərə" görə cavab verməlidir...

Poliqon xəbər verir ki, bu barədə "Sputnik Georgia" portalı məlumat yayıb.

"Heç bir azad olunmadan söhbət gedə bilməz. Saakaşvili gürcü xalqına qarşı törətdiyi cinayətlərə görə cəzasını çəkməlidir", deyə Şalva Papuaşvili bildirib.

Spikerin sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski, Moldova prezidenti Maya Sandu və Avropa Parlamentinin üzvləri Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışıblar. Şalva Papuaşvili bildirib ki, Gürcüstan bu cür bəyanatlara görə üzrxahlıq gözləyir.

Qeyd edək ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb.

Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Vahid Milli Hərəkat növbəti seçkilərdə qalib gəlsə, siyasətçinin baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

Poliqon.info