Azərbaycanla Fransa arasında körpülər yandırılır?

Milli Məclis Fransa Senatında Azərbaycana qarşı qəbul edilən qətnaməyə qarşı sərt bir qətnamə qəbul etdi...

Politoloq: “Azərbaycan Milli Məclisinin fransız şirkətlərini Azərbaycanı tərk etməyi məsləhət görən qətnaməsi əslində Fransa dövlətinə xəbərdarlıq xarakteri daşıyır”.

“Hesab edirəm ki, istər Azərbaycan dövləti, istərsə də Fransa dövləti öz dövlət maraqlarını lobbilərin fəaliyyətindən üstün tutur. Təxribatçı qərarlara aldanıb dövlət maraqlarını zərbə altında qoymayacaqlar”.

Bu sözləri politoloq Azər Qasımov Milli Məclisin Fransa Senatına sərt cavabını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Milli Məclis Fransa Senatında Azərbaycana qarşı qəbul edilən qətnaməyə qarşı sərt bir qətnamə qəbul etdi. Milli Məclisin bu qətnaməsini necə şərh etmək olar və demək olarmı ki, artıq Azərbaycanla Fransa arasında körpülər yandırılır?

Azərbaycan və Fransa əlaqələrini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Təzyiqlər daha çox arxa planda iqtisadi məsələlərlə əlaqəlidir. Bunun kökündə Fransanın Ermənistana yerləşərək Rusiyanın əlində olan iqtisadi rıçaqları ələ alması cəhdləri dayanır deyə düşünürəm”.

Fransa Senatının məlum qərəzli qətnaməsindən sonra Azərbaycan Milli Məclisinin də belə qərar qəbul etməsini diplomatik qarşıdurma adlandıran politoloq Poliqon-a bildirib ki, bu, hələlik real addımlar atılacağı anlamına gəlmir:

“Azərbaycan Milli Məclisinin fransız şirkətlərini Azərbaycanı tərk etməyi məsləhət görən qətnaməsi əslində Fransa dövlətinə xəbərdarlıq xarakteri daşıyır. Fransız şirkətləri Azərbaycanda bir çox sahələrdə milyardlarla iri investisiyalar ediblər. Son olaraq “Abşeron” qaz yatağının “Total” şirkəti tərəfindən istismarda yer alması ilə əlaqəli Azərbaycan Prezidenti və şirkətin rəhbərliyi arasında görüş də keçirilmişdi. Fransa senatının məlum qərəzli qətnaməsindən sonra Azərbaycan Milli Məclisinin də belə qərar qəbul etməsi diplomatik qarşıdurmadır. Bu, hələlik real addımlar atılacağı anlamına gəlmir.

Əslində belə bir addımın atılması Ermənistanın istəyinə nail olması demək olardı, eyni zamanda, Fransadakı erməni lobbisi və tərəfdarlarının. Hesab edirəm ki, istər Azərbaycan dövləti, istərsə də Fransa dövləti öz dövlət maraqlarını lobbilərin fəaliyyətindən üstün tutur. Təxribatçı qərarlara aldanıb dövlət maraqlarını zərbə altında qoymayacaqlar. Azərbaycan və Fransa uzun illərdir ki, əməkdaşlıq edirlər.

Azər Qasımov: “Bu diplomatik qarşıdurmadır və qarşılıqlı təzyiqlər fonunda sinir oyunlarına hesablanıb”.

Ermənistanın Fransaya maddi baxımdan verə biləcəyi heç bir divident yoxdur, amma Azərbaycan regionun lider dövləti kimi Fransanın Cənubi Qafqaza etdiyi ümumi investisiyaların 60%-ni təşkil edir. Bu durumda Fransanın daha ciddi addımlar atacağı ağılsızlıq olardı. Bu diplomatik qarşıdurmadır və qarşılıqlı təzyiqlər fonunda sinir oyunlarına hesablanıb.

Hesab edirəm ki, təzyiqlər daha çox arxa planda iqtisadi məsələlərlə əlaqəlidir. Bunun kökündə Fransanın Ermənistana yerləşərək Rusiyanın əlində olan iqtisadi rıçaqları ələ alması cəhdləri dayanır deyə düşünürəm. Azərbaycana təzyiq burada sadəcə gərginliyi saxlamaq üçün vasitədir”.

Xatırladaq ki, Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Layihənin lehinə 295, əleyhinə isə 1 səs verilib.

Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.

Nərminə UMUDLU Poliqon.info