Nikki Heyli Baydeni Yaxın Şərqdəki siyasətinə görə tənqid edib

ABŞ-ın BMT-dəki keçmiş səfiri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli husilərin Qırmızı dənizdə gəmilərə hücumunu həll edərkən Ağ Evin prezidenti Co Baydenin yanaşmasını tənqid edib...

Poliqon xəbər verir ki, prezidentliyə namizəd bu barədə CNN telekanalına danışıb.

Heyli Yəmənin şimalını idarə edən şiə Ənsar Allah (Husi) hərəkatının Qırmızı dənizdə gəmilərə hücumlarını şərh edərkən "Bütün bunların qarşısını almaq olardı" deyib.

Eyni zamanda, Nikki Heyli İranı gərginliyi artırmaqda ittiham edərək bildirib ki, Tehran olmadan nə Fələstinin HƏMAS hərəkatı, nə husilər, nə də Hizbullah olmayacaq.

Bundan əlavə, o, hazırkı Amerika liderini husiləri terrorçular siyahısından çıxardığına görə qınayıb.

"Bu, onun heç vaxt etməməli olduğu daha bir şey idi", deyə ABŞ prezidentliyinə namizəd bildirib.

Poliqon.info