Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

Pakistan ordusu son dərəcə yüksək döyüş hazırlığı vəziyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, bu qərar İranla münasibətlərin pisləşməsi fonunda qəbul edilib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu yanvarın 16-da axşam saatlarında Pakistanın İranla həmsərhəd Bəlucistan əyalətində yerləşən “Ceyşül-Ədl” terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil edib. Pakistan İranın hücumunu qətiyyətlə pisləyib və çərşənbə günü öz səfirini Tehrandan geri çağırıb, həmçinin İran səfirinin hələlik İslamabaddakı diplomatik missiyasını davam etdirə bilməyəcəyinə işarə edib.

Cümə axşamı səhər Pakistan Xarici İşlər Nazirliyi İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına silsilə hücumlar barədə məlumat verib. Xarici İşlər Nazirliyi qeyd edib ki, əməliyyatın hədəfi İran daxilində idarə olunmayan ərazilərdə özlərini “Sarmaçar” adlandıran Pakistan əsilli terrorçulardır.

Eyni zamanda, Xarici İşlər Nazirliyi Pakistanın İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini və zərbələrin yeganə məqsədinin Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək olduğunu bildirib.

Poliqon.info