Pakistan hava qüvvələri zərbələr endirərkən İranın hava məkanına daxil olub

İrana raket zərbələri endirərkən Pakistan Hərbi Hava Qüvvələri respublikanın hava məkanına daxil olub...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın hava məkanına daxil olub və zərbələr endirdikdən sonra geri qayıdıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Pakistan Xarici İşlər Nazirliyi İran ərazisindəki terrorçuların sığınacaqlarına hücum edildiyini bildirib. İran mediasının məlumatına görə, Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində yerləşən Seravan rayonunun bir neçə bölgəsində partlayışlar baş verib. İran mətbuatı hücumların nəticəsində üç qadın və dörd uşağın öldüyünü bildirir. Hücum zamanı raketlər və dronlardan istifadə edildiyi qeyd edilir.

Xatırladaq ki, yanvarın 16-da İran terrorçu “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahına raketlərlə zərbə endirib. Pakistan Xarici İşlər Nazirliyi İranın zərbəsini qanunsuz addım adlandırıb və öz səfirini Tehrandan geri çağırıb.

Poliqon.info