Rus şirkətləri sanksiyalara görə kütləvi şəkildə Cənubi Kipri tərk edir

İri rus şirkətləri kütləvi şəkildə Cənubi Kipr yurisdiksiyasını tərk edir...

Poliqon xəbər verir ki, bu barədə Cənubi Kiprin ən böyük qəzeti "Phileleftheros" məlumat yayıb.

Firmalar Rusiyanın xüsusi vergi rejimi ilə xüsusi inzibati rayonlarına və ya Qazaxıstan kimi qonşu ölkələrə köçürülür.

Qəzetin yazdığına görə, son aylarda öz sektorunda böyük iş həcmi olan ikirəqəmli sayda şirkət Cənubi Kipr yurisdiksiyasını tərk etmək istəklərini ifadə edib. Nəşrin məlumatına görə, yaxın gələcəkdə digər biznes qurumları da bunu edəcək.

"Phileleftheros" bunu anti-Rusiya sanksiyalarından yayınmağa qarşı çıxan yeni Cənubi Kipr hakimiyyətinin siyasəti ilə izah edir.

Nümunə olaraq Kipr mediası "TCS Group" ("Tinkoff Bank"ın ana şirkəti), developer "Etalon Group", pərakəndə satış şirkəti "Fix Price", "United Medical Group" (Avropa Tibb Mərkəzinin holdinqi), "Transmashholding", "Globaltrans" və "Ozon" kimi şirkətlərin Cənubi Kipr bazarını tərk etməsini göstərib.

Qeyd edək ki, Rusiyanın Cənubi Kiprdə 162 milyard dollar birbaşa investisiyasının olduğu deyilir.

Poliqon.info