Amerikalı diplomat: İran ABŞ-ın qırmızı xətlərini keçmir, ona görə də birbaşa hərbi qarşıdurma gözlənilmir...

İran ABŞ-la birbaşa silahlı münaqişədən qaçmağa çalışır. Tehranın tərəfindəki silahlı qruplar Fələstin-İsrail münaqişəsinin bir hissəsi kimi Qəzza zolağına dəstək verir, lakin ABŞ-ın "qırmızı xətlərini keçmir". Buna görə də Vaşinqtonla Tehran arasında birbaşa hərbi qarşıdurma gözlənilmir...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki keçmiş səfiri Cerald Firestein The Washington Post qəzetinə bildirib.

"Onların (İran-red.) "müqavimət oxu"ndakı tərəfdaşı fələstinliləri qoruyur, amma Amerikanın qırmızı xətlərini keçmir. Bu, çətin ki, bizi İranla birbaşa münaqişəyə aparsın, ona görə də hamı indi rahat ola bilər", deyə Cerald Firestein bildirib.

O, İranın ən böyük və ən güclü tərəfdaşı olan Livanın "Hizbullah" qruplaşmasının son aylarda İsrailə qarşı raket arsenalının bütün gücündən istifadə etmədiyinə işarə edib.

Bundan əlavə, o, İraq və Suriyada İranın dəstəklədiyi milislərin hər iki ölkədəki ABŞ hərbi obyektlərinə mütəmadi olaraq hücum etdiyini, lakin bu hücumların "məhdud zərər" verdiyini deyib. Bu isə ABŞ-ın "qırmızı xətlərinin" keçilməməsi anlamına gəlir.

Poliqon.info