İran ABŞ-ın İraqdakı konsulluğunun yaxınlığındakı obyektlərə hücum edib

İran ordusu bildirib ki, İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərində Amerika konsulluğunun yaxınlığındakı 8 obyekt İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raketlərindən atəşə tutulub...

Poliqon ABC telekanalına istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu zərbələrin Kirmandakı son terror cinayətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.

ABC-nin məlumatına görə, hava limanı “çox şiddətli” hücumlara məruz qaldığından Ərbildə hava hərəkəti dayandırılıb. Reuters Agentliyi xəbər verir ki, koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında üç pilotsuz təyyarəni vurub. İki ABŞ rəsmisi agentliyə ABŞ obyektlərinə ziyan dəymədiyini bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir: “İran düşmənlərinin son terror hücumlarına cavab olaraq, Yaxın Şərq regionunun bəzi bölgələrində İran əleyhinə terror qruplarının kəşfiyyat qərargahı və düşmən qərargahı çoxsaylı ballistik raketlərlə vurulub”.

ABC-nin İraq təhlükəsizlik mənbəsi hücumda 4 nəfərin öldüyünü bildirib. Bununla belə, ABC telekanalının məlumatına görə, ABŞ ordusu və ya koalisiya qüvvələri arasında itki yoxdur.

Reuters-in iki mənbəsi iki ölü və beş yaralının yerli xəstəxanaya aparıldığını bildirib.

Poliqon.info