İngiltərədə London birjasının işini pozmaq istəyən 6 nəfər həbs edilib

Britaniya polisi Fələstinə dəstək nümayiş etdirən 6 nəfərin London birjasının işini pozmağa cəhddə şübhəli bilinərək həbs edildiyini açıqlayıb...

Poliqon xəbər verir ki, polisin məlumatına görə, onlar İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq yanvarın 15-də birjada ticarətin başlanmasının qarşısını almaq üçün binanın girişini bağlamaq niyyətində olublar.

London polisinin saytında verilən açıqlamada qeyd olunur ki, araşdırma yanvarın 12-də The Daily Express-dən məlumat alındıqdan sonra başlayıb. 28 və 26 yaşlı iki qadın və 31 yaşlı kişi Liverpulda London ticarət platformasına müdaxilə etməkdə şübhəli bilinərək həbs edilib. Daha iki nəfər - 29 yaşlı qadın və 23 yaşlı kişi Londonda polis tərəfindən saxlanılıb. İngiltərənin cənubundakı Brighton şəhərində 27 yaşlı gənc həbs edilib.

Qeyd edək ki, yanvarın 13-də Londonda 2024-cü ildə fələstinlilərə dəstək üçün ilk mitinq keçirilib. “İndependent” qəzeti London küçələrində Qəzza zolağında atəşkəsə çağıran nümayişdə minlərlə insanın iştirak etdiyini yazıb. Polis doqquz etirazçının irqi ədavəti qızışdırmaq və ictimai asayişi pozmaq ittihamı ilə saxlandığını bildirib.

Poliqon.info