ABŞ-ın İraq və Suriyadakı üç bazasına hücum edilib

İraq və Suriyadakı üç Amerika bazası kütləvi raket və pilotsuz təyyarələrdən atəşə tutulub...

Poliqon xəbər verir ki, bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb. Hücuma görə məsuliyyəti şiə “İraq İslami Müqavimət Hərəkatı”nın üzvləri öz üzərinə götürüb. Tələfat və dağıntılar barədə isə məlumat verilmir.

Atəşə məruz qalan obyektlər arasında Suriyanın şimal-şərqində yerləşən Amerika hərbi bazası Xarab əl-Cəil, Ərbil beynəlxalq hava limanındakı baza və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko yatağındakı baza da var. İraqın “İslami Müqavimət Hərəkatı”nın bəyanatında qeyd edilir ki, ABŞ-ın bölgədəki bazalarına hücumlar Vaşinqtonun siyasətinə cavabdır.

Qeyd edək ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında 2023-cü il oktyabrın 7-də başlayan müharibə fonunda ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumlar artıb. Ötən ilin dekabrında İraq İslami Müqaviməti ABŞ-ın Suriyadakı iki bazasını atəşə tutub. Yanvarın 11-də hərəkat Əl-Cebbis neft yatağının yaxınlığında yerləşən Amerika bazasına zərbə endirib.

Pentaqonun məlumatına görə, 2023-cü ilin oktyabr ayının sonundan bəri ABŞ-ın İraq və Suriyadakı bazalarına 130 dəfə hücum edilib.

Poliqon.info