Parisdə “Dağlıq Qarabağda erməni irsi” ilə bağlı sərgi keçirilib - Azərbaycanın əks həmləsi nə ola bilər?..

Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilib...

Politoloq: “Fransada bu cür humanitar aksiyaların keçirilməsi əlbəttə ki, Azərbaycana düşmənçilik xarakteri daşıyır”.

“Azərbaycan diasporu bu cür aksiyalarla bağlı ilk növbədə etiraz aksiyaları keçirməlidir. Amma bu sadəcə olaraq etiraz olaraq küçələrə çıxmaq demək deyil, bunun üçün bəzi faktlara ehtiyac var”.

Bu sözləri politoloq Natiq Miri Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərginin keçirilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər. Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərginin keçirilməsi buna sübutdur. Sərginin təşkilatçıları arasında Paris meriyası da var.

Bəs, Azərbaycan diplomatiyasının və diasporlarının Parisin bu addımlarına qarşı əks həmlələri nələr ola bilər?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Azərbaycanın işğal olunmuş 20 faiz ərazilərində mövcud olan yaşayış məskənlərinin, bütün mədəni və tarixi abidələrin, o cümlədən dini abidələrin, məscidlərin vəhşicəsinə necə yerlə yeksan olunduğu haqqında posterlər, şəkillər, fotolar nümayiş etdirilməlidir”.

Beynəlxalq təşkilatların, YUNESCO-nun və digər təşkilatların Azərbaycanın işğalda olmuş ərazilərinə səfər etmədiklərini xatırladan politoloq əlavə edib ki, bu ifşa olunmalıdır və bütün Avropa şəhərlərində bu posterlər əllərdə konkret tələblərlə ifşa prosesinə başlanmalıdır:

“Fransada bu cür humanitar aksiyaların keçirilməsi əlbəttə ki, Azərbaycana düşmənçilik xarakteri daşıyır. Çünki başqa yöndə Azərbaycana təsir etmək imkanları məhdud olduğu üçün məhz humanitar yöndə müxtəlif bəhanələr yaratmaqla beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə fikir formalaşdırmağa çalışırlar.

Azərbaycan diasporu bu cür aksiyalarla bağlı ilk növbədə etiraz aksiyaları keçirməlidir. Amma bu sadəcə olaraq etiraz olaraq küçələrə çıxmaq demək deyil, bunun üçün bəzi faktlara ehtiyac var. Xüsusilə də, Azərbaycanın işğal olunmuş 20 faiz ərazilərində mövcud olan yaşayış məskənlərinin, bütün mədəni və tarixi abidələrin, o cümlədən dini abidələrin, məscidlərin vəhşicəsinə necə yerlə yeksan olunduğu haqqında posterlər, şəkillər, fotolar nümayiş etdirilməlidir. Yəni küçələrdə, onlarla, yüzlərlə bu cür şəkillər göstərilməlidir ki, niyə Fransa və bütövlükdə xristian dünyası buna susur.

Natiq Miri: “Bu prosesi davamlı etmək lazımdır ki, Fransa utanıb geriyə çəkilsin”.

Eyni zamanda bilavasitə bu işlərlə məşğul olacaq beynəlxalq təşkilatlar, YUNESCO və digər təşkilatlar nəyə görə bu məsələlərin qeydə alınması üçün dəfələrlə müraciət olunmasına rəğmən hələ də Azərbaycanın işğalda olmuş ərazilərinə səfər etmirlər. Bu ifşa olunmalıdır və bütün Avropa şəhərlərində bu posterlər əllərdə konkret tələblərlə ifşa prosesinə başlanmalıdır. Mübarizə yalnız bu yöndə gedə bilər.

Bir də, Azərbaycanın daxilində də ifşa edici bəzi proseslərə rəvac verilə bilər. Məsələn Fransa səfirliyinin qarşısında həmin posterləri nümayiş etdirməklə, yaxud da böyük bir sərgi açmaqla bütün diplomatik korpus nümayəndələrini dəvət edib, bunları nümayiş etdirmək olar. Azərbaycan indiyə qədər bir erməni abidəsinə əl vurulmayıb və bunlar indiki real durumda şəkilləri çəkilərək nümayiş olunmalıdır. Ən azından Xankəndinin girişindəki “Baba və Nənə” abidəsi hələ də durmaqdadır. Bir də bunun qarşılığı Azərbaycanın işğal olunmuş ərazilərindəki darmadağın olunmuş evlər və bütün abidələr nümayiş olunmalıdır. Bu prosesi davamlı etmək lazımdır ki, Fransa utanıb geriyə çəkilsin”.

Nərminə UMUDLU Poliqon.info