Blinken ərəbləri husilərə qarşı əməliyyata qoşulmağa razı sala bilməyib

Amerikanın dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı ərəb dövlətlərinin nümayəndələrini ABŞ-ın rəhbərlik etdiyi, Qırmızı dənizdə Yəmən husilərinə "Rifahın Mühafizəsi" əməliyyatına qoşulmağa razı sala bilməyib.

Poliqon xəbər verir ki, bu barədə "Semafor" xəbər portalı öz mənbələrinə istinadən məlumat yayıb.

"Blinken regionun ağır çəkisi olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misiri əməliyyata qoşulmağa inandıra bilmədi", deyə mənbələr bildirib.

Ərəb rəsmilərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hərbi əməliyyatı dəstəkləməkdə maraqlı deyil, Qətər və Misir də siyasi səbəblərdən koalisiyada iştirakdan yayınır. Hazırda ABŞ-ın husilərə qarşı əməliyyatına Yaxın Şərq ölkələri arasında yalnız Bəhreyn qoşulub.

Nəşrin yazdığına görə, regional dəstəyin olmaması səbəbindən ABŞ və Böyük Britaniyanın başlatdığı hücum uğursuzluqla nəticələnə bilər.

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrindəki 4 əyalətdəki hədəflərə 23 hava hücumu həyata keçirib. Vaşinqton bildirib ki, zərbələrin hədəfi raket anbarları, pilotsuz təyyarələr və radar stansiyaları olub. Ağ Ev qeyd edib ki, bu hərəkətlər Husilərin dünyanın ən mühüm su yollarından birində qlobal ticarəti və naviqasiya azadlığını təhdid etmək qabiliyyətini sarsıtmaq və azaltmaq üçün nəzərdə tutulub.

Ənsar Allah hərəkatına tabe olan Yəmən Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı bu hücumlara görə qisas alacaqları ilə hədələyib.

Poliqon.info