Zaxarova ABŞ-ı BMT TŞ-nin qətnamələrini “əxlaqsızcasına pozmaqda” ittiham edib

Rusiya XİN-nin rəsmi nümayəndəsi ABŞ-ın Yəmənə aviazərbələrini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin “əxlaqsız təhrifi” adlandırıb...
“Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin təyyarələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əxlaqsızcasına təhrif edilməsinə daha bir nümunədir”.

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın yanvarın 12-nə keçən gecə Yəməndə husilərə qarşı endirdiyi zərbələri belə şərh edib.

“ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı altında BMT Təhlükəsizlik Şurasının qətnamələrini əxlaqsızcasına təhrif etməsinə və beynəlxalq hüquqa tam məhəl qoymamasına daha bir nümunədir”, deyə Rusiya diplomatiyasının sözçüsü öz Teleqram kanalında yazıb.

Qeyd edək ki, bu axşam ABŞ və Britaniya Yəməndəki Husi hərəkatının mövqelərinə zərbələrlər endiriblər. ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, zərbələr Yəməndə husilərin 60-dan çox hədəfinə yönəlib. Ümumilikdə 100-dən çox müxtəlif yüksək dəqiqlikli raket atılıb. Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə təkrar hücumları səbəbindən ABŞ-Britaniya hərbi əməliyyatı yanvarın 12-nə keçən gecə başlayıb.

Qeyd olunur ki, əməliyyatda ABŞ və Böyük Britaniyadan başqa Avstraliya, Bəhreyn, Kanada və Hollandiya da iştirak edib.

Poliqon.info