Ukrayna və Qəzzadakı münaqişələr Tayvana keçə bilər

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının vitse-prezidenti və keçmiş baş nazir Taro Aso bildirib ki, Ukrayna və Qəzza zolağında münaqişələrin Tayvana keçməsi riski var...

Poliqon "Nikkei Asia" nəşrinə istinadən xəbər verir ki, o, bunun baş verməməsi üçün Çin və Tayvan arasında siyasi dialoqa çağırıb.

ABŞ Konqresində Prezidentlik və Konqres Araşdırmaları Mərkəzinin təşkil etdiyi seminarda çıxış edən Taro Aso kriminologiyada görünən pozğunluq əlamətlərinin və ətrafdakı pis davranışların daha da pozğunluğa kömək etdiyini iddia edən "sınmış pəncərə" nəzəriyyəsinə istinad edib.

"Amerikalı kriminoloq, doktor Corc L. Kellinq bir dəfə "sınmış pəncərə" nəzəriyyəsini irəli sürmüşdü. Nəzəriyyə ondan ibarətdir ki, bir sınmış pəncərə təmirsiz qalarsa, digər pəncərələr də sınacaq və nəticədə bütün şəhər məhv olacaq", deyən sabiq baş nazir indi sinacaq növbəti pəncərə kimi Tayvana baxmaq lazım olduğunu vurğulayıb.

Taro Aso xatırladıb ki, Çin sədri Si Szinpin hökuməti Pekinin Tayvana qarşı güc tətbiq etmək hüququndan heç vaxt imtina etməyəcəyini dəfələrlə bəyan edib. Keçmiş baş nazir bildirib ki, belə bir ssenarinin qarşısını almaq həm güclü çəkindirmə, həm də siyasi dialoq tələb edəcək.

Poliqon.info