Şimali Koreya hakerləri 600 milyonluq kriptovalyuta oğurlayıb

2023-cü ildə Şimali Koreya ilə əlaqəli hakerlər dünya üzrə ən azı 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar...

Poliqon xəbər verir ki, bu barədə "TRM Labs"ın informasiya təhlükəsizliyi üzrə ekspertləri yeni hesabatda bildiriblər.

Ekspertlər hesab edir ki, ötən ilin son günlərində baş verən hadisələr araşdırıldıqdan sonra dəymiş ziyanın məbləği 700 milyon dollara qədər arta bilər.

Ümumi itkilər 2022-ci ildəki 850 milyon dollardan 30% azalsa da, Şimali Koreya kriptovalyutanın oğurlandığı kiber insidentlərin təxminən 1/3-nə görə hələ də cavabdehdir. Şimali koreyalı hakerlər tərəfindən törədilən hücumlar ölkə ilə əlaqəli olmayan haker hücumlarından orta hesabla 10 dəfə daha dağıdıcı olub.

"2017-ci ildən bəri Pxenyanla əlaqəli hakerlər təxminən 3 milyard dollar dəyərində kriptovalyuta əldə ediblər", deyə "TRM Labs"ın hesabatında qeyd edilir.

Şirkət haker hücumlarını sanksiyalardan əziyyət çəkən Şimali Koreyada gəlir əldə etmək üçün ən vacib mexanizm hesab edir. Oğurlanan pullar kütləvi qırğın silahlarının və ballistik raketlərin yaradılması proqramının maliyyələşdirilməsinə sərf olunur.

Şimali koreyalı hakerlər hücumlarda hədəfləri cəlb etmək üçün sosial mühəndislikdən istifadə edirlər. Hücumlar adətən rəqəmsal pul kisələrinin təhlükəsizliyini təmin etmək üçün istifadə edilən şəxsi açarları və əsas ifadələri pozmaq məqsədi daşıyır.

Poliqon.info