Ukrayna Britaniya ilə təhlükəsizlik təminatı haqqında saziş layihəsi hazırlayır

Ukrayna və Böyük Britaniya Kiyevin təhlükəsizliyinə təminat üzrə ikitərəfli sazişin bağlanması üçün danışıqların növbəti mərhələsini keçirib...

Poliqon "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisindən məlumat verilib.

Qeyd edilib ki, iclas iştirakçıları saziş layihəsinin işlənib hazırlanmasına, onun məzmunu və tematik bloklarının müzakirəsinə keçiblər. Məlumatda bildirilir ki, tərəflər gələcək məsləhətləşmələr üçün qrafiki də razılaşdırıblar.

Mətndə deyilir ki, Ukrayna nümayəndə heyətinə Prezidentin Aparat rəhbərinin müavini İqor Jovkva başçılıq edib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qərb ölkələrinin Ukraynaya bir neçə il dəstək verməyə hazır olduğunu bildirmişdi.

"Müttəfiqlərimizlə birlikdə Rusiya prezidenti Vladimir Putinə aydın şəkildə bildirmək istəyirik ki, onun gözləmə-gör siyasəti bizimlə işləməyəcək. Biz 2024, 2025, 2026-cı illərdə Ukraynanı dəstəkləməyə, onlara bu dəstəyi verməyə hazırıq, çünki bu, bizim nəsil üçün əsas problemdir", deyə Kameron bildirib.

Poliqon.info