Perinatal Mərkəzdən KTM-ə aparılan körpələrdən altısının vəziyyəti ağırdır - Yenilənir

“KTM-ə gətirilən 15 uşaqdan səkkizi reanimasiyaya yerləşdirilib. Onlardan altısının vəziyyəti ağırdır”...

Bunu Oxu.Az-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin uzman pediatr neonatoloqu Aysel Qədimova deyib.

O bildirib ki, gətirilən uşaqlardan heç birində yanıq xəsarəti yoxdur:

“Uşaqlardan altısının vəziyyəti ağırdır. Onlardan üçü süni tənəffüs aparatına, üçü CPAP (ağciyərlərin süni havalandırılması rejimi aparatı - red.) aparatına qoşulub. Reanimasiyada olan uşaqların yaxın zamanda normal palataya köçürülməsi gözlənilmir. Digər yeddi uşaq isə intensiv nəzarət şöbəsindədir, ümumilikdə uşaqlardan altısı qız, doqquzu oğlandır”.

***

Yanğın baş verən Perinatal Mərkəzdən 16 yenidoğulmuş “Yeni Klinika”ya köçürülüb.

Oxu.Az xəbər verir ki, bunu “Yeni Klinika”nın Neonatologiya Şöbəsinin müdiri Əkbər Quliyev deyib.

O bildirib ki, yanğından təxliyə olunan beş hamilə, doqquz zahı və 16 yenidoğulmuş “Yeni Klinika”nın müvafiq şöbəsinə yerləşdirilib:

“Vəziyyətləri stabildir, lazımi müdaxilə edilib. Perinatal Mərkəzin həkimləri ilə əlaqə saxlanılır və uşaqlara hansı müalicələr aparılıbsa, eyni müalicə protokolları davam etdiriləcək”.

Poliqon.info