Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını buraxa bilər

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxa bilər.

Bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, üçqat dünya və dördqat Avropa çempionu bütün diqqətini apreldə Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə yönəldib. Yanvarın 10-da Xorvatiyada startı veriləcək “Zaqreb Open”ə yollanmayan 32 yaşlı pəhləvan fevralın 12-18-si aralığında Buxarestdə təşkil olunacaq qitə birinciliyinə də yollanmaya bilər.

“Hacı Əliyevin Avropa çempionatında 65 kq çəkidə güləşməyəcəyi dəqiqdir. O, ən yaxşı halda 70 kq-da çıxış edə bilər. Ancaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq üçün Avropa çempionatını buraxması da istisna deyil”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Hacı Əliyev üçqat dünya (2014, 2015, 2017) və dördqat Avropa (2014, 2018, 2019, 2023) Avropa çempionudur.

Poliqon.info