Çin ABŞ-ın beş şirkətinə sanksiya tətbiq edib

Çin Tayvana silah tədarük etdiyi üçün ABŞ-ın beş şirkətinə sanksiya tətbiq edib...

Poliqon xəbər verir ki, Çin ABŞ-ı Vaşinqtonun Tayvana silah ötürməsi səbəbindən “vahid Çin” prinsipini pozmaqda ittiham edib. Bununla əlaqədar Pekin “BAE Systems Land and Armament”, “Alliant Techsystems Operation”, “AeroVironment”, “ViaSat” və “Data Link Solutions” şirkətlərinə sanksiya tətbiq edib.

“Birləşmiş Ştatlar Çinin Tayvan bölgəsinə silah satmaqla açıq şəkildə “vahid Çin” prinsipini pozur və müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edir”, deyə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Məhdudiyyətlərə aktivlərin dondurulması daxildir. Çin təşkilatları və fiziki şəxslərin bu şirkətlərlə sövdələşməyə girməsi və onunla əməkdaşlıq etməsi qadağandır.

Pekin hesab edir ki, Vaşinqton Çinin suverenliyinə xələl gətirir, onun təhlükəsizlik maraqlarını pozur və Tayvan boğazında sülh və sabitliyə zərər verir. Bununla ba\lı Çin ABŞ-ın hərəkətlərindən “qəti narazılığını” ifadə edib. Pekin “vahid Çin” prinsipinə hörmət edilməsini və Tayvanın silahlandırmasını dayandırmasını tələb edir.

Qeyd edək ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin Çin adanı öz ərazisi hesab edir.

Poliqon.info