Maya Sandu Moldovanı məhvə aparmaqda günahlandırılıb

"Moldova prezidenti Maya Sandu ölkənin boynundakı ilgəyi sıxır. Avropaya inteqrasiya ilə bağlı referendum planlaşdırır, diqqəti dövlətin daxili problemlərinə və onun iqtisadi inkişafına yönəltmək lazımdır"...

Poliqon xəbər verir ki, bunu Moldovanın müxalif Renessans Partiyasından olan deputat Vasile Bolya deyib.

"Maya Sandu Moldovanın boynuna kəməndi sıxmaqda davam edir. Referendumun keçirilməsi Moldova hökumətini və cəmiyyətini digər mühüm problemlərin və vəzifələrin həllindən yayındıracaq. Yerli məsələlərə, iqtisadi inkişafa və tarixi tərəfdaşlarla əlaqələrin gücləndirilməsinə diqqət yetirmək əvəzinə, ölkə siyasi mübahisələrə və fikir ayrılıqlarına vaxt və resurslar sərf edəcək", deyə Bolya bildirib.

Bundan əvvəl o, Moldovanın dövlət büdcəsində Avropaya inteqrasiya ilə bağlı referendumun keçirilməsi üçün vəsait nəzərdə tutulmadığını bildirmişdi.

Maya Sandu 2024-cü ildə respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə ümumxalq referendumuna başlamaq niyyətində olduğunu açıqlayıb. Bununla əlaqədar Moldova prezidenti parlamentə respublikanın Avropa İttifaqına daxil olması məsələsi üzrə referendumun təşkili üçün müraciət edib. O, bunu prezidentliyinin bir hissəsi kimi xatırladıb.

Poliqon.info