Bakı metrosunda Həmrəylik günü və Yeni il münasibətilə bayram proqramları keçirilib - Foto

“Bakı Metropoliteni” QSC sosial layihələrinin davamı olaraq, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə, “İçərişəhər” stansiyasında sərnişinlərinə bayram ovqatlı, xoş təəssüratlarla zəngin bayram proqramını bu gündə davam etdirib...

Poliqon xəbər verir ki, dekabrın 28-dən burada qış nağıllarının rəmzlərinə uyğun bəzədilmiş retro vaqonlardan ibarət qatar da stansiyada nümayiş olunur. Burada həmçinin dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi başlanıb.

Retro vaqonlar yanvarın 5-dək, sərgi isə ayın 13-dək nümayiş olunacaq.

“İçərişəhər” stansiyasında Yeni ilin əsas şənlik personajı olan Şaxta baba nəvəsi Qar qızla sərnişinlərin görüşünə gəlib. İki saatdan artıq davam edən zəngin proqramlı şouda müxtəlif nağıl personajları və sirk ustaları da məharətlərini göstəriblər.

Tədbirin gedişində metropoliten layihələrinin ayrılmaz hissəsi olan şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirib.

Tədbirlər dekabrın 30-da davam edəcək.

Bunlardan əlavə olaraq, 4 stansiyada muğam üçlüyü və simli kvartetin təqdimatında milli və dünya musiqisinin incilərindən ibarət konsert proqramları dekabrın 30-u və 31-də keçiriləcək.

Poliqon info