Çin rok qrupu vasitəsilə Tayvanda seçkilərə təsir göstərməyə çalışıb

Çin hakimiyyəti adadakı seçkilər öncəsi Tayvanın məşhur rok qrupu "Mayday"a Çin tərəfdarı bəyanatlar verməsi üçün təzyiq göstərib.

Poliqon xəbər verir ki, bu barədə məlumatlı mənbələrə və Tayvan kəşfiyyat xidmətlərinin daxili sənədinə istinadən "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, musiqiçilərdən Pekinin Tayvanın Çinə aid olması mövqeyini açıq şəkildə dəstəkləmələri, habelə adada Çin media təbliğatına qoşulmaları tələb olunub. Artıq musiqiçilər barəsində istintaqa başlayıb.

Qeyd edilir ki, Çin səlahiyyətliləri qrupu yoxlama və cərimə ilə hədələyib, musiqiçilərdən qeyri-müəyyən "siyasi lütf" istəyib, lakin onlar imtina ediblər. Mənbələrdən birinin "Reuters"ə bildirdiyinə görə, qrup əməkdaşlıq etməyəcəyi halda külli miqdarda cərimələnməklə hədələnib.

Tayvan tərəfinin bildirdiyinə görə, musiqiçilərə qarşı aparılan bu kampaniyaya görə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat Şöbəsi məsuliyyət daşıyır.

Bundan əvvəl Çin Müdafiə Nazirliyi Tayvan hökumətini yanvarın 13-də adada keçiriləcək seçkilərdə hakim partiyanı qazanmaq üçün Çindən gələn hərbi təhlükəni qəsdən şişirtməkdə ittiham etmişdi. "Reuters" qeyd edib ki, Tayvanda keçiriləcək prezident və parlament seçkiləri adanın son 4 ildə hərbi təzyiqləri artıran Pekinlə münasibətlərini müəyyən edəcək.

Poliqon.info