Ukraynanın Rusiya mövqelərini yarması mümkün görünmür

Ukrayna Silahlı Qüvvələrinin əraziləri geri qaytarmaq üçün Rusiya mövqelərini yarması perspektivi əvvəlkindən daha uzaq görünür...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Guardian qəzeti yazıb.

"Bu arada, Yaxın Şərqdə daha bir böhranın tüğyan etdiyi bir vaxtda Qərb paytaxtlarının Kiyevin ehtiyac duyduğu maliyyə və silahları təmin etmək istəyi yalnız azalıb", deyə məqalədə qeyd edilir.

Bu, gələn il belə hadisələrin Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə, yoxsa onu dayandırmaq üçün heç bir plan olmadan hərbi əməliyyatların uzadılmasına yol açacağı sualını doğurur.

"Bu ilin əvvəlində həyata keçirilən tərifli əks-hücuma baxmayaraq, Ukraynanın demək olar ki, 20%-i Rusiyanın nəzarəti altında qalır. Əksər analitiklər hesab edir ki, cəbhə xətti indi o qədər möhkəmlənib ki, mühüm irəliləyişi təsəvvür etmək çətindir", deyə qəzet yazıb.

Bu baxımdan Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuz olması səbəbindən Ukraynada əhval-ruhiyyə pisləşir. Lakin buna baxmayaraq, bir çox ukraynalılar arasında mübarizəni davam etdirmək istəyi var.

"Ancaq ABŞ-ın dəstəyinin təmin ediləcəyinə inam olmasa, tək qətiyyət kifayət deyil", deyə "The Guardian" qeyd edib.

Bu arada, Almaniya Yaşıllar Partiyasının həmsdəri Omid Nuripur bildirib ki, ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyi dayandıracağı təqdirdə Almaniya və digər Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə verilən hərbi dəstəyin itkisini kompensasiya edə bilməyəcək:

"Amerikalıların bu vaxta qədər etdiklərini maddi və ya silah dəstəyini çətin ki, kompensasiya etmək mümkün olsun. Amma təbii ki, bu halda biz avropalılar Ukraynaya dəstəyimizi gücləndirməli olacağıq.

Poliqon.info