Respublikaçı senator Baydeni İrana qarşı siyasətini sərtləşdirməyə çağırıb

ABŞ-ın respublikaçı nümayəndəsi Mayk Uols Co Bayden administrasiyasını HƏMAS ilə müharibə başa çatdıqdan sonra Qəzza zolağında İsrailə radikalizmin kökünü kəsməsinə kömək etmək üçün İranla bağlı kursu dəyişməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Mayk Uolsun fikrincə, İranın kifayət qədər pulu olduğu müddətdə terror və radikalizm Fələstin anklavına qayıdacaq.

"Bayden administrasiyasının İsrailə kömək etmək üçün edə biləcəyi ən böyük şey İrana qarşı 180 dərəcə dönüş etmək, maksimum təzyiqə qayıtmaq və bütün regionda terrorizmi qızışdıran xəzinəsini boşaltmaqdır", deyə senator bildirib.

Bundan əvvəl ABŞ-ın respublikaçı senatoru Bill Haqerti hazırkı prezident Co Baydenin Yaxın Şərqdəki siyasətini tənqid edib. O qeyd edib ki, Vaşinqton İsrailə "qarışıq siqnallar" göndərir və İranı "rahatlaşdırmağa" çalışır.

Qeyd edək ki, son günlər Qırmızı dənizdə Yəmən husilərinin təcarət gəmilərinə hücumları kəskin şəkildə artıb. ABŞ buna cavab olaraq mütəffiqləri ilə birlikdə regionda patrul xidmətinə başlayıb. Vaşinqton İranı baş verənlərə görə günahlandırıb və hücumların arxasında Tehranın dayandığını iddia edib.

Bundan başqa İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Rza Nəqdi İsrailin Qəzza zolağında hərəkətlərini dayandırmaq istəmədiyinə görə ABŞ-ı Aralıq dənizinin blokadası ilə hədələyib: "Dünən Fars körfəzi və Hörmüz boğazı onlar üçün kabusa çevrildi və bu gün Bab əl-Məndəb boğazı və Qırmızı dəniz onları tələyə salıb. Bu cinayətlərin davamı ilə onlar tezliklə Aralıq dənizinin bloklanmasını gözləməli olacaqlar.

Onun sözlərinə görə, gələcəkdə ABŞ və müttəfiqləri "yeni müqavimət qüvvələrinin meydana çıxmasını və onlar üçün digər yolların və marşrutların, o cümlədən Cəbəllütariq boğazının bağlanmasını" görə bilərlər.

Poliqon.info