Bakıda Vəkillər Kollegiyasının geniştərkibli iclası keçirilir

Bakıda Vəkillər Kollegiyasının 28 dekabr - Vəkil günü peşə bayramı ərəfəsində geniştərkibli iclası keçirilir...

"Report" xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edirlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurumun ötən 6 il ərzindəki fəaliyyətindən, son dövrlər görülən işlərdən danışaraq bildirib ki, 2018-ci ildən Vəkillər kollegiyasına üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib:

"Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1401 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2431 nəfərə çatıb".

A.Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var: "O, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. Elman Məcidov müharibədən sonra dövlət başçısı tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib".

Poliqon.info