ABŞ-ın zərbələri nəticəsində yaralanan iraqlı hərbiçilərin sayı açıqlanıb

ABŞ-ın hava hücumu nəticəsində 20-yə yaxın İraq milis döyüşçüsü yaralanıb...

ABŞ-ın Babil əyalətinin mərkəzi hissəsindəki Hilla şəhərində İraq milis qüvvələrinin qərargahına endirdiyi aviazərbələr nəticəsində yaralanan döyüşçülərin sayı 20-yə çatıb.

Poliqon xəbər verir ki, bu barədə “Shafaq news” nəşri İraqın təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

“Şiə qruplarından biri olan “Harakat ən-Nujaba”nın düşərgəsi havadan bombalanıb, bundan sonra Pentaqon İraqdakı üç “Ketaib Hizbullah” obyektinə zərbələr endirib. İlkin məlumata görə, 20-yə yaxın hərbçi yaralanıb”, deyə nəşr yazır.

Zərbələrin pilotsuz uçan aparat vasitəsilə həyata keçirildiyi güman edilir. Mənbənin sözlərinə görə, üç partlayış səsi eşidilib, ardınca isə güclü artilleriya atəşi başlayıb.

Qeyd edək ki, ABŞ qüvvələri İraqda “Kətaib Hizbullah” qruplaşmasının üç hədəfinə zərbələr endirib. ABŞ Müdafiə Nazirliyi hücumun ABŞ prezidenti Co Baydenin göstərişi ilə İraq və Suriyada ABŞ hərbçilərinə qarşı hücumlara cavab olaraq həyata keçirildiyini bildirib.

Poliqon.info