ABŞ Rusiyada saxlanılan amerikalıların mübadiləsini üçüncü ölkələrlə müzakirə edir

ABŞ hakimiyyəti üçüncü ölkələrlə Rusiyada olan Amerika vətəndaşları Evan Qerşkoviç və Pol Uilanın dəyişdirilməsi imkanını müzakirə edir...

Poliqon CBS telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Adrienne Uatson bildirib.

Bu məsələ ilə bağlı üçüncü ölkələrlə danışıqların davam etdiyi qeyd edilir.

"ABŞ prezidenti Co Bayden üçün amerikalıları evə gətirməkdən daha yüksək prioritet yoxdur", deyə Adrienne Uatson bildirib.

Rəsmi həmçinin xatırladıb ki, ABŞ Dövlət Departamenti Pol Uilan və Evan Qerşkoviçlə bağlı Rusiyaya bir sıra təkliflərlə müraciət edib, onlardan biri Rusiya tərəfi tərəfindən rədd edilib.

Dekabrın 22-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiyaya məhbusların mübadiləsi ilə bağlı yeni təklif irəli sürmək imkanlarını araşdırır. O, hazırda bu məsələdə heç bir irəliləyiş elan edə bilməyəcəyini vurğulayıb. Ağ Ev rəsmisi deyib ki, Amerika tərəfi Moskvaya ciddi təklif irəli sürüb, lakin rədd edilib. Con Kirbi onu da əlavə edib ki, Vaşinqton Rusiyadan Pol Uilan və Evan Qerşkoviçin geri qaytarılmasında daha uğurlu ola biləcək başqa bir təkliflə çıxış etmək üçün çox çalışır.

Qeyd edək ki, bundan əvvəl 2020-ci ildə Rusiyada casusluqda təqsirli bilinən amerikalı Pol Uilan ABŞ-ın ondan imtina etdiyini bildirmişdi. Pol Uilanın sözlərinə görə, Vaşinqton bir neçə mübadilə imkanını əldən verib və bununla da ona xəyanət edib.

Poliqon.info