FTB Venesuela müxalifətinin liderinə ayrılan pulların aqibətini araşdırır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ağ Evin özünü Venesuela prezidenti elan edən Xuan Quaydonun müvəqqəti hökuməti üçün humanitar yardıma vəsait xərcləməsi ilə bağlı araşdırmaya başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Latın Amerikasında yayımlanan "Telesur" telekanalı məlumat yayıb.

Jurnalistlərin fikrincə, söhbət Vaşinqtonun 2019-cu ildə ayırdığı 1 milyon dollardan gedir. FTB artıq sahibi Karlos Mendezin humanitar yardımın bir hissəsini mənimsədiyi iddia edilən "EVTV Mayami" kanalının ofisinə baş çəkib.

Amerikalı müstəntiqlər həmçinin hesab edirlər ki, Quaydonun ABŞ-dakı nümayəndəsi Karlos Vekkio, Ağ Evin ayırdığı vəsaitin meneceri Con Qoycoyşea və Quaydonun keçmiş aparat rəhbəri Roberto Marrero vəsaitlərin bölüşdürülməsində iştirak ediblər.

2018-ci ildə Venesuelada Nikolas Maduronun ölkə prezidenti seçilməsi ilə bağlı siyasi böhran yaranıb. Sonra parlament spiker Xuan Quaydonu dövlət başçısı vəzifəsini icra edən elan edib. Quaydo ABŞ, Avropa İttifaqı və bəzi Latın Amerikası ölkələrində tanınıb. Lakin Maduro hakimiyyətini qoruyub saxlayıb və Quaydo 2023-cü ildə Venesuelanı tərk edib.

Hazırda Karakas ABŞ-dan Quaydonu ekstradisiya etməyi tələb edir. Venesuelada müxalifətçi və onun tərəfdaşlarına qarşı dövlətə xəyanət, vəzifə səlahiyyətlərini mənimsəmə, pul və ictimai əmlakdan mənfəət əldə etmək və sui-istifadə etmə, çirkli pulların yuyulması, cinayətdə iştirak və sair kimi ittihamlarla 28 iş açılıb.

Poliqon.info