İsrailin qaçqın düşərgəsinə hücumu nəticəsində 70 nəfər həlak olub

İsrailin Qəzza zolağının mərkəzində yerləşən “Əl-Maqazi” qaçqın düşərgəsinə hücumu nəticəsində azı 70 nəfər həlak olub...

Poliqon xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin sözçüsü Dr. Əşrəf Əl-Kidra bildirib ki, “Əl-Maqazi” düşərgəsində baş verənlər izdihamlı yaşayış yerində baş verən qırğındır.

CNN-in sorğusuna cavab olaraq, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü düşərgədə insidentlə bağlı xəbərlər aldığını və onları araşdırdıqlarını bildirib.

“Qəzzanın yaşayış məntəqələrində fəaliyyət göstərən HƏMAS terrorçularının yaratdığı çətinliklərə baxmayaraq, İDF mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün əməli addımlar atmaq da daxil olmaqla, beynəlxalq hüquqa riayət etməyə sadiqdir”, deyə İDF-dən bildirilib.

Qeyd edək ki, İsrail ordusu son sutka ərzində 10 əsgərin öldürüldüyünü açıqlayıb. Baş nazir Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinə deyib: “Müharibə bizə çox baha başa gəlir; Bununla belə, mübarizəni davam etdirməkdən başqa çarəmiz yoxdur”.

Poliqon.info