Argentinada yeni islahatlara qarşı etiraz aksiyaları keçirilib

Argentinanın Rosario şəhərində insanlar prezident Mileyin islahatlarına etiraz ediblər...

Argentinanın Rosario şəhərinin mərkəzində bir neçə min insan prezident Xavyer Mileyin iqtisadiyyatı yumşaltmağa yönəlmiş islahatlarına etiraz edib.

Poliqon xəbər verir ki, bu barədə Argentinanın “La Nacion” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, etiraz aksiyası sakit və insidentsiz keçib.

Bundan əvvəl Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç yeni hökumətin yolların bağlanmasına imkan verilməyəcəyini bildirsə də, Rosario polisi nümayişçiləri dağıtmayıb.

Qeyd edək ki, dekabrın 20-də axşam Miley argentinalılara müraciət edərək fövqəladə fərman imzaladığını elan edib. O, qiymətlərin tənzimlənməsindən imtina, beynəlxalq ticarətin yaxşılaşdırılması üçün gömrük qaydalarının islahatı, dövlət şirkətlərinin özəlləşdirilməsinə hazırlıq və ixrac qadağalarının tətbiqinə veto daxil olmaqla, 30 əsas islahatın adını çəkib. Paytaxt Buenos-Ayresin müxtəlif ərazilərində yeni seçilmiş prezidentin çıxışı başa çatdıqdan sonra vətəndaşlar etiraz əlaməti olaraq qazanlarla küçələrə çıxıblar.

Poliqon.info