BMT: Hər 4 Qəzzalıdan 1-i müharibə səbəbindən aclıq çəkir

Qəzza zolağında yarım milyondan çox insan - əhalinin dörddə biri acdır...

Poliqon xəbər verir ki, bu barədə BMT-nin müvafiq komitələrinin dərc etdiyi hesabatda deyilir. Hesabatda qeyd edilir ki, Qəzzada qlobal qıtlıq təhlükəsi artır.

Sənəddən çıxarışlar Associated Press Agentliyi tərəfindən təqdim olunub. Məlumata görə, ərzaq qıtlığının miqyası hətta Əfqanıstan və Yəməndə son illərdə baş verən qıtlıqları da alt-üst edib. BMT bu vəziyyətin səbəbini Qəzza zolağına çatmayan humanitar yardımda görür.

Hesabatda qeyd edilir ki, Qəzza zolağının bütün əhalisi artıq ərzaq böhranı vəziyyətindədir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hussain, “İnsanlar kütləvi xəstəliklərin epidemiyasına çox, çox yaxındırlar, çünki onların immun sistemləri kifayət qədər qidalanmadığı üçün zəifləyib”, deyib.

Qeyd edək ki, İsraillə HƏMAS arasında davam edən döyüşlər Qəzzanın səhiyyə sektorunun çökməsinə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədəki 36 səhiyyə müəssisəsindən yalnız 9-u hələ də qismən işləyir və bu xəstəxanaların hamısı anklavın cənubundadır.

Eyni zamanda, dekabrın 21-də radikal islamçılar Həmas İsrailin girovlar müqabilində müvəqqəti atəşkəs təklifini rədd edib. Yaraqlılar İsrail əsgərləri Qəzzanı tərk etməyincə danışıqlar aparmayacaqlarını bildiriblər.

Poliqon.info