İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Solou vəfat edib

1987-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Robert Solou dekabrın 21-də 99 yaşında Massaçusets ştatının Leksinqton şəhərindəki evində vəfat edib...

Poliqon xəbər verir ki, bu barədə Solounun oğlu Con The New York Times qəzetinə məlumat verib.

Qeyd edək ki, Robert Solou 1924-cü ildə Bruklində anadan olub. 1956-cı ildə o, daha çox neoklassik artım modeli kimi tanınan iqtisadi artım modelini işləyib hazırlayıb. Bu modeldən istifadə edərək o, müəyyən edib ki, ABŞ-da adambaşına düşən sənaye istehsalının təxminən 4/5 hissəsi texnoloji tərəqqinin hesabınadır.

1987-ci ildə Solou “iqtisadi artım nəzəriyyəsində fundamental tədqiqatlarına görə” Nobel mükafatına layiq görüldü. 2014-cü ildə o vaxtkı prezident Barak Obama Robert Solouya Amerikanın iki ən yüksək mükafatından birini - Prezident Azadlıq Medalını verib.

Poliqon.info